Allah Öz hökmü ilə qullarından istədiyi kimsəyə mələkləri vəhylə göndərib buyurur: “Qullarımı qorxudub xəbərdar edin ki, Məndən başqa ibadətə layiq olan məbud yoxdur. Məndən qorxun!”
Allah onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və başqa meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır.
O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır.
O, dənizi də sizin xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfündən sizə nəsib olanları axtarıb tapmağınız və şükür etməyiniz üçündür.
Qoy onlar Qiyamət günü öz günahlarının hamısını və nadanlıqları üzündən azdırdıqları kəslərin günahlarının bir qismini daşısınlar. Bax gör, daşıyacaqları yük necə də pisdir!
Onlardan öncəkilər də hiylə qurmuşdular. Sonra Allah onların tikililərini özülündən dağıtdı, tavanları başlarına uçdu və əzab onlara gözləmədikləri yerdən gəldi.
Sonra Qiyamət günü Allah onları rüsvay edəcək və deyəcək: “Haqqında mübahisə etdiyiniz şəriklərim haradadır?” Elm verilmiş kimsələr deyəcəklər: “Şübhəsiz ki, bu gün kafirlərə rüsvayçılıq və əzab üz verəcək!”
Mələklər özlərinə zülm edən kimsələrin canlarını aldıqları zaman onlar boyun əyib: “Biz heç bir pislik etmirdik!”– deyəcəklər. Onlara belə deyiləcək: “Xeyr! Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir.
Müttəqilərə: “Allah nə nazil etmişdir?”– deyildikdə, onlar: “Xeyir nazil etmişdir!”– deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir!
Onlar ağacları altından çaylar axan Ədn bağlarına girəcəklər. Orada onların ürəklərinin istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır.
Yoxsa kafirlər mələklərin onların yanına gəlməsindən və yaxud Rəbbinin əmrinin gəlməsindən başqa bir şeymi gözləyirlər? Onlardan əvvəlkilər də belə etmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər.
Müşriklər dedilər: “Əgər Allah istəsəydi, biz də, atalarımız da Ondan başqa heç nəyə ibadət etməz və Onun izni olmadan heç nəyi haram saymazdıq!” Bəli, onlardan əvvəlkilər də eynilə davranmışdılar. Məgər elçilərin vəzifəsi ancaq aydın təbliğat aparmaq deyilmi?
Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– deyə, elçi göndərdik. Onlardan kimisini Allah doğru yola yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə oldu!
Onlar Allaha möhkəm and içdilər ki: “Allah ölən bir kəsi diriltməyəcəkdir!” Xeyr! Allahın ölüləri diriltməsi Onun doğru vədinə görə olacaq, lakin insanların çoxu bunu bilmirlər.
Biz onları aydın dəlillər və kitablarla göndərdik. Sənə də Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr.
Onlar özlərinə verdiyimiz ruzidən heç nə dərk etmək qabiliyyətində olmayanlara pay ayırırlar. Allaha and olsun ki, atdığınız iftiralara görə mütləq sorğu-sual olunacaqsınız.
Verilən bəd xəbər ucbatından camaatdan gizlənir. Bilmir nə etsin, körpəni rüsvayçılıq içində saxlasınmı, yoxsa onu torpağa gömsün? Onların verdikləri qərar necə də pisdir!
Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin Allah onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər.
Onlar özlərinin xoşlamadıqları qızları Allaha aid edirlər. Dilləri də yalandan ən gözəl aqibətin onların olacağını söyləyir. Şübhəsiz ki, od onlar üçün hazırlanmışdır və onlar orada tərk olunacaqlar.
Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik. Şeytan isə o (kafir) ümmətlərin əməllərini özlərinə gözəl göstərmişdi. Şeytan bu gün də onların dostudur. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
Biz Kitabı sənə yalnız ona görə nazil etdik ki, onlara ixtilafda olduqları şeyləri bəyan edəsən və bu, mömin adamlar üçün doğru yol göstəricisi və mərhəmət olsun.
Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz sizə, onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içənlərin boğazından rahat keçən təmiz süd içirdirik.
Siz xurma ağacının meyvələrindən və üzümlərdən sərxoşedici içki və xeyirli ruzi hazırlayırsınız. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır.
Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır.
Sizi Allah yaratmışdır. Sonra O sizi öldürəcəkdir. Sizlərdən bəziləri vaxtilə bildiyi şeyləri unutsun deyə ömrünün ən rəzil çağına çatdırılacaq. Həqiqətən, Allah Biləndir, hər şeyə Qadirdir.
Allah ruzi baxımından birinizi digərindən üstün etmişdir. Üstünlük verilənlər kölələrinə öz ruzilərindən vermirlər ki, bu yöndən bərabər olsunlar. Belə olduğu təqdirdə onlar Allahın nemətini inkarmı edirlər?
Allah sizin üçün özünüzdən zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə pak ruzilər verdi. İndi onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər?
Allah, heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir kölə ilə, dərgahımızdan özünə verdiyimiz gözəl ruzidən gizli və aşkar xərcləyən kimsəni məsəl çəkdi. Heç onlar eyni ola bilərlərmi? Həmd Allaha məxsusdur, lakin onların çoxu bunu bilmir.
Allah eləcə də iki kişi barəsində məsəl çəkdi; onlardan biri laldır, heç bir şeyə gücü çatmır və öz ağasına bir yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz. Məgər doğru yolda olub ədalətli işlər görməyi əmr edən bir kimsə ilə belə bir adam eyni ola bilərmi?
Məgər onlar Allaha tabe olub havada uçan quşları görmürlərmi? Onları havada saxlayan ancaq Allahdır. Həqiqətən, bunda iman gətirən insanlar üçün dəlillər vardır.
Allah evlərinizi sizin üçün yaşayış yeri etdi, mal-qaranın dərilərindən istər səfərə çıxdığınız vaxt, istərsə düşərgə saldığınız zaman sizin üçün asanlıqla apara biləcəyiniz çadırlar, üstəlik də onların yunundan, tiftiyindən və tükündən müəyyən vaxta qədər istifadə edəcəyiniz ev əşyaları və başqa şeylər düzəltdi.
Allah, yaratdıqları şeylərdən sizin üçün kölgələr əmələ gətirdi, dağlarda sizin üçün mağaralar saldı, sizi istidən qoruyacaq paltarlar və döyüşdə mühafizə edəcək zirehli geyimlər düzəltdi. Beləcə, Allah Öz nemətini sizə tamamlayır ki, bəlkə müsəlman olasınız.
Müşriklər Allaha qoşduqları şəriklərini gördükdə deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim Səndən başqa ibadət etdiyimiz şəriklərimizdir!” Bütlər isə onlara: “Şübhəsiz ki, siz yalançısınız!”– deyə cavab qaytaracaqlar.
O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yol göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdik.
Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız.
Allahla bağladığınız əhdə sadiq olun; möhkəm and içdikdən sonra andlarınızı pozmayın. Çünki siz Allahı özünüzə zamin etmisiniz. Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir.
İpliyini möhkəm əyirdikdən sonra onu açıb sökən qadın kimi olmayın. Bir camaat digər bir camaatdan sayca və malca daha çox olduğu üçün andlarınızı aranızda hiylə vasitəsinə çevirirsiniz. Allah bununla sizi sınayır. O, ixtilafda olduğunuz şeyləri Qiyamət günü sizə mütləq bildirəcəkdir.
Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin O, istədiyini azdırır, istədiyini də doğru yola yönəldir. Siz etdiyiniz əməllərə görə mütləq sorğu-sual olunacaqsınız.
Andlarınızı aranızda hiylə vasitəsinə çevirməyin. Yoxsa ayağınız möhkəm dayanmış ikən sürüşər və insanları Allah yolundan döndərdiyinizə görə əzabı dadarsınız. Sizin üçün axirətdə də böyük bir əzab hazırlanar.
Sizdə olan nemətlər tükənəcək, Allah yanında olan nemətlər isə daim qalacaqdır. Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik.
Biz bir ayəni başqa bir ayə ilə əvəz etdikdə onlar: “Sən ancaq bir iftiraçısan!”– deyirlər. Halbuki Allah nə nazil etdiyini daha yaxşı bilir. Xeyr! Onların çoxu bunu bilmir.
De: “Müqəddəs Ruh (Cəbrail) onu sənin Rəbbindən iman gətirənləri sabitqədəm etmək üçün, həm də müsəlmanlara doğru yol göstəricisi və müjdə olsun deyə gerçək olaraq nazil etmişdir”.
Biz onların: “Quranı ona bir insan öyrədir!”– dediklərini bilirik. Onların istinad etdikləri şəxsin dili əcnəbi dildir. Bu isə açıq-aydın ərəb dilidir.
Qəlbi imanla sabit qaldığı halda haqqı danmağa məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır.
Allah təhlükəsizlik və əmin-amanlıq içində olan bir diyarı (Məkkəni) misal çəkir. Ona öz ruzisi hər yerdən bol-bol gəlirdi. Lakin o diyarın əhalisi Allahın nemətlərinə nankorluq etdi, Allah da onları etdikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü.
O sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsilən heyvanı haram etmişdir. Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, ona günah gəlməz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir!
Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!”– deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar.
117
مَتَٰعٌۭ قَلِيلٌۭ وَلَهُمْ عَذَابٌ أَلِيمٌۭ
İndi onlar az bir mənfəət əldə etmişlər, axirətdə isə onları ağrılı-acılı bir əzab gözləyir.
Şübhəsiz ki, Rəbbin, avamlıqları üzündən pis iş görən, ondan sonra tövbə edib özlərini islah edənləri, bütün bunlardan sonra, əlbəttə ki, Rəbbin bağışlayacaq və rəhm edəcək.
Şənbə günü ancaq o günün barəsində ixtilafa düşənlərə vacib edildi. Şübhəsiz ki, Rəbbin Qiyamət günü, ixtilafa düşdükləri şey barəsində onların arasında hökm verəcəkdir.
İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır.