Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyini unudacaq, hər bir hamilə qadın bətnindəkini salacaqdır. İnsanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Lakin Allahın əzabı hədsiz şiddətlidir.
Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi oradan uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi yetkinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir.
O, başını təkəbbürlə o yan bu yana çevirir ki, insanları Allahın yolundan sapdırsın. O bu dünyada rüsvay olacaq, Qiyamət günü isə Biz ona Cəhənnəm məşəqqətini nəsib edəcəyik.
İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib küfrə qayıdar. O adam dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur.
Kim ki, dünyada və axirətdə Allahın Peyğəmbərinə kömək göstərməyəcəyi gümanındadırsa, qoy yuxarıya (evinin tavanına) bir ip salıb boynuna keçirsin, sonra da ayağını yerdən üzsün və görsün ki, onun bu hiyləsi, qəzəbinə səbəb olduğu Allahın bu köməyinə mane ola bilərmi?
Şübhəsiz ki, Qiyamət günü Allah möminlər, yəhudilər, sabiilər, xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında hökm verəcəkdir. Həqiqətən, Allah hər şeyə şahiddir.
Məgər göylərdə və yerdə olanların, günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların xeyli hissəsinin Allaha səcdə etdiyini görmürsənmi? Onların əksəriyyəti isə əzab çəkməyə layiq olanlardır. Allahın alçaltdığı kimsəyə heç kəs hörmət qoymaz. Həqiqətən, Allah istədiyini edər.
Həqiqətən də, Allah iman gətirib yaxşı işlər görənləri ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcək, libasları da ipəkdən olacaqdır.
Kafir olanlara, insanları həm Allah yolundan, həm də bütün insanlar – istər yerlilər, istərsə də gəlmələr – üçün qurduğumuz Məscidulharamdan sapdıranlara və orada zülm etməklə haqdan dönmək istəyənlərə ağrılı-acılı bir əzab daddıracağıq.
Bir zaman Biz İbrahimə evin (Kəbənin) yerini nişan verib: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!”– demişdik.
Qoy onlar öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər. Onlardan özünüz də yeyin, sıxıntı içində olan yoxsullara da yedirdin!
Bax belə! Hər kim Allahın haram buyurduqlarına hörmət etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar. Haram olduğu sizə oxunanlardan başqa, qalan heyvanlar sizə halal edilmişdir. Elə isə murdar bütlərdən uzaq olun, yalan sözlərdən də çəkinin;
ancaq tək Allaha ibadət edənlərdən və Ona şərik qoşmayanlardan olun! Kim Allaha şərik qoşsa, sanki o, göydən düşər, quşlar onu alıb aparar, yaxud külək onu sovurub uzaq bir yerə atar.
Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər. Sizin məbudunuz Tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver;
Biz qurbanlıq dəvələri də sizin üçün Allahın dininin ayinlərindən etdik. Onlarda sizin üçün xeyir vardır. Onları səf-səf düzülmüş halda kəsərkən Allahın adını çəkin. Böyrü üstə yıxıldıqları zaman onlardan özünüz də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirdin. Beləcə, onları (qurbanlıq heyvanları) sizə tabe etdik ki, bəlkə şükür edəsiniz.
Onların nə əti, nə də qanı, Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız deyə, bu heyvanları sizə beləcə ram etdi. Sən isə yaxşılıq edənləri müjdələ!
Kafirlərin vuruşa başladığı insanlara, o kafirlərlə vuruşmağa icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir.
Onlar ancaq “Rəbbimiz Allahdır”– dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bəzilərini, digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan hücrələr, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir.
Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir.
Mədyən əhli də elçiləri yalançı saymışdı. Musa da yalançı sayılmışdı. Mən kafirlərə möhlət verdim, sonra onları əzabla yaxaladım. Mənim onları inkar etməyimin necə olduğunu bir görəydin!
Neçə-neçə şəhərlər olmuşdur ki, əhalisi zülm edərkən Biz onları məhv etdik. İndi onlar özülünə qədər uçulmuşdur. Neçə-neçə tərk edilmiş quyular və neçə-neçə boş qalmış qəsrlər də vardır.
Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, zalımların aqibətini qəlbi ilə düşünüb, qulaqları ilə eşitsinlər? Çünki əslində maddi gözlər deyil, kökslərdəki qəlb kor olur.
Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər göndərməmişik ki, o, ayələrimizi oxumaq istədikdə şeytan onun oxuduğuna gizlicə vəsvəsə verməsin. Lakin Allah şeytanın gizlicə təlqin etdiyini yoxa çıxarar. Sonra da Allah Öz ayələrini möhkəmlədər. Allah Biləndir, Müdrikdir.
Belə edər ki, şeytanın gizli təlqini qəlbində xəstəlik olanlar və qəlbi sərt olan insanlar üçün bır sınaq vasitəsinə çevrilsin. Həqiqətən, zalımlar uzaq bir ayrılıq içindədirlər.
Qoy elm verilən kəslər, bu Kitabın Rəbbin tərəfindən göndərilmiş həqiqət olduğunu bilsinlər ki, ona inansınlar və qəlbləri ona bağlansın. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər.
Kafir olanlar isə, o Saat qəflətən onların başlarının üstünü alanadək, yaxud səmərəsiz bir günün əzabı onlara gəlib yetişənədək, Quran barəsində şəkk-şübhə içində qalarlar.
Allah yolunda hicrət edənlərə, sonra öldürülənlərə və yaxud ölənlərə Allah hökmən gözəl ruzi verəcəkdir. Həqiqətən, Allah ruzi verənlərin ən yaxşısıdır!
Bax belə! Hər kim özünə verilən cəza kimi cəza versə, sonra yenə də haqsızlığa məruz qalsa, bilsin ki, Allah ona mütləq kömək edəcəkdir. Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır!
Məgər Allahın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayar. Həqiqətən, Allah insanlara Şəfqətlidir, Mərhəmətlidir.
Biz hər ümmət üçün onun yerinə yetirə biləcəyi bir şəriət müəyyən etdik. Qoy onlar bu işdə səninlə höcətləşməsinlər. Sən onları Rəbbinə ibadət etməyə dəvət et. Həqiqətən, sən ən doğru bir yoldasan.
Kafirlərə açıq-aydın ayələrimiz oxunduqda sən onların üzündə nifrət görərsən. Onlar az qalırlar ki, ayələrimizi onlara oxuyanların üstünə cumsunlar. De: “Sizə bundan daha pisini xəbər verimmi? Bu, Cəhənnəmdir! Allah onu kafirlərə vəd etmişdir. Ora nə pis qayıdış yeridir!”
Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Bunu etmək istəyən də aciz qalar, istənilən də!
Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl nazil etdiyi kitablarda, həm də bu Kitabda sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möhkəm sarılın. O sizin Himayədarınızdır. O nə gözəl Himayədar, nə gözəl Yardımçıdır!