daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqam almağa qadirdir.
Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər.
Onların əməli Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Bizim ayələrimizi yalan hesab etdilər, Allah da onları günahlarına görə yaxaladı. Allah şiddətli cəza verəndir.
Qarşı-qarşıya gələn iki dəstədə sizin üçün bir ibrət var idi. Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi. Onlar kafirlərin sayca iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər. Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır.
Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah yanındadır.
De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları, pak zövcələr və Allahın rizası vardır”. Allah qullarını görür.
Allah Özündən başqa ibadətə layiq olan məbudun olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də şahidlik etdilər. Allah əbədi olaraq ədalətli olmaqdadır. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Müdrikdir.
Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, bilsin ki, Allah tez haqq-hesab çəkəndir.
Əgər onlar səninlə mübahisə edərlərsə, de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm!” Kitab verilənlərə və savadsızlara isə de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, bil ki, sənin öhdənə düşən ancaq haqqı təbliğ etməkdir. Allah qullarını görür.
Kitabdan özlərinə bir pay verilmiş kəsləri görmədinmi? Onlar, aralarında hökm versin deyə, Allahın Kitabına dəvət olunurlar, sonra da onlardan bir dəstə haqdan üz çevirir.
Baş verəcəyinə şübhə edilməyən bir gündə onları topladığımız və hər kəsə qazandığının əvəzi ödəniləcəyi, özlərinə də heç bir haqsızlıq edilməyəcəyi zaman onların halı necə olacaq?
De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir yalnız Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən.
Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsə bilsin ki, Allah ilə onun heç bir əlaqəsi yoxdur. Ancaq onlardan gələn təhlükədən çəkinməklə ehtiyat etməyiniz istisnadır. Allah sizi Özündən çəkindirir. Dönüş də ancaq Allahadır.
O gün ki, hər kəs etdiyi yaxşı və pis əməllərini qarşısında hazır görəcək, özü ilə pis əməllərinin arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən çəkindirir. Allah qullarına Şəfqətlidir”.
Ondan azad olduğu zaman demişdi: “Ey Rəbbim! Mənim qızım oldu” – Allah onun nə doğduğunu daha yaxşı bilirdi, – “axı oğlan qız kimi deyildir. Mən onun adını Məryəm qoydum, onu və onun nəslini lənətlənmiş şeytandan qorunmağı Sənə həvalə edirəm”.
Rəbbi onu yaxşı tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetişdirdi və onu Zəkəriyyaya həvalə etdi. Zəkəriyya hər dəfə onun yanına ibadətgaha daxil olduqda, onun yanında ruzi olduğunu görərdi. O dedi: “Ey Məryəm! Bu, sənin üçün haradandır?” Məryəm dedi: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah istədiyi kimsəyə hesabsız ruzi verir”
O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar: “Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, qövmünün ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir”.
O dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət təyin et”. Allah dedi: “Sənin əlamətin, üç gün insanlarla ancaq işarə ilə danışmaq olacaqdır. Həmin vaxtda Rəbbini çox yad et və səhər-axşam Onun şəninə təriflər de!”
Bunlar qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. Hansının Məryəmi himayə edəcəyi barədə qələmlərini püşk atdıqları zaman sən onların yanında deyildin. Bir-birilərilə mübahisə etdikdə də sən onların yanında deyildin.
O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə ilə müjdələyir. O, bu dünyada və axirətdə şan-şöhrətli və Allaha yaxınlaşdırılmışlardan olacaqdır.
Məryəm dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı bir halda necə övladım ola bilər?” Allah dedi: “Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyir, o da olur”.
Allah onu İsrail oğullarına bir elçi edəcəkdir. O deyəcəkdir: “Mən sizə Rəbbinizdən elçi olduğumu təsdiqləyən bir əlamət gətirdim. Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Allahın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm. Evlərinizdə yediyiniz və saxladığınız şeyləri sizə xəbər verərəm. Əgər möminsinizsə, şübhəsiz ki, bunda sizin üçün dəlil vardır.
Məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün göndərildim. Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahdan qorxun və mənə itaət edin.
İsa onlardakı küfrü hiss etdikdə dedi: “Allah yolunda kimlər mənə yardımçı olacaq?” Həvarilər dedilər: “Bizik Allahın dininin yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq!
O vaxt Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm.
Sənə bilik gəldikdən sonra kim səninlə İsanın barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək”.
De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”
Bax, siz o kəslərsiniz ki, bildiyiniz şeylər barəsində höcətləşirsiniz. Bəs nə üçün bilmədiyiniz şeylər barəsində höcətləşirsiniz? Allah bilir, siz bilmirsiniz!
Kitab əhlindən bir zümrə dedi: “Möminlərə nazil edilənə günün əvvəlində iman gətirin və günün sonunda inkar edin ki, bəlkə onlar öz dinlərindən dönələr.
Yalnız sizin dininizin ardınca gələnlərə inanın ki, kiməsə sizə verilənin bənzəri verilməsin, yaxud müsəlmanlar Rəbbinizin yanında sizə dəlil gətirməsinlər”. De: “Şübhəsiz ki, doğru yol Allahın haqq yoludur!” De: “Şübhəsiz ki, lütf Allahın Əlindədir və onu istədiyinə verir! Allah hər şeyi Əhatəedəndir, Biləndir”.
Kitab əhlindən eləsi var ki, ona bir yığın mal əmanət etsən, onu sənə tam qaytarar. Onlardan eləsi də var ki, ona bir dinar versən belə, başının üstündə durub tələb etməyincə onu sənə qaytarmaz. Bu, ona görədir ki, onlar: “Avamlardan ötrü bizə günah olmaz!”– deyirlər və bilə-bilə Allaha qarşı yalan söyləyirlər.
Həqiqətən də, Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmayacaq, Qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə Kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki bu, Kitabdan deyildir. Onlar: “Bu, Allah tərəfindəndir!”– deyirlər. Halbuki o, Allah tərəfindən deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar.
Heç kimə yaraşmaz ki, Allah ona Kitab, hikmət və peyğəmbərlik verdikdən sonra insanlara: “Allaha yox, mənə qul olun!”– desin. Əksinə, o deyər: “Öyrətdiyiniz Kitabın və ondan öyrəndiyiniz şeyin sayəsində din xadimləri olun!”
Bir zaman Allah peyğəmbərlərdən: “Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”– deyə əhd almış və: “Razısınızmı və Mənim bu əhdimi qəbul edirsinizmi?”– demişdi. Onlar: “Razıyıq!”– demişdilər. Allah da: “Şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam”– demişdir.
Yoxsa onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqdır.
De: “Biz Allaha, bizə nazil edilənə, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil edilənlərə, Musaya, İsaya və peyğəmbərlərə öz Rəbbi tərəfindən verilənlərə iman gətirdik. Biz onların heç birinin arasında fərq qoymuruq. Biz təkcə Ona təslim olanlarıq!”
İman gətirdikdən, Peyğəmbərin həqiqi peyğəmbər olduğuna şahid olduqdan və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər? Allah zalım adamları doğru yola yönəltməz.
Həqiqətən də, kafir olub kafir kimi də ölənlərin heç birindən dünya dolusu qızıl fidyə versə belə, qəbul olunmayacaqdır. Onlara ağrılı-acılı bir əzab hazırlanmışdır və onların köməkçiləri də olmayacaqdır.
Tövrat nazil olmamışdan əvvəl İsrailin ancaq özü özünə haram etdiyi şeylərdən başqa bütün yeməklər İsrail oğullarına halal idi. De: “Əgər doğru danışanlarsınızsa, Tövratı gətirin və onu oxuyun!”
Orada aydın nişanələr – İbrahimın məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar. Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur. Kim bunu inkar edərsə, bilsin ki, Allahın aləmlərə ehtiyacı yoxdur.
De: “Ey Kitab əhli! Siz haqqa şahid olduğunuz halda, nə üçün doğru yolu əyri göstərməyə çalışıb iman gətirənləri Allah yolundan sapdırırsınız?” Halbuki, Allah sizin etdiklərinizdən xəbərsiz deyildir.
Sizə Allahın ayələri oxunduğu və Onun Elçisi sizinlə olduğu bir vaxtda, siz necə küfr edirsiniz? Kim Allaha möhkəm bağlanarsa, həqiqətən də, doğru yola yönəlmiş olar.
Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz.
O gün neçə-neçə üzlər ağaracaq, neçə-neçə üzlər də qaralacaqdır. Üzləri qaralan kəslərə: “İman gətirdikdən sonra kafirmi oldunuz? Elə isə, küfrünüzə görə dadın əzabı!”– deyiləcəkdir.
Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. Kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların arasında iman gətirənlər də vardır. Əksəriyyəti isə haqq yolunu azmış fasiqlərdir.
Onlar harada olursa olsunlar, Allahın və mömin insanların himayəsində olanlar istisna olmaqla onlara həmişə zəlillik qismət olar. Onlar Allahın qəzəbinə düçar olmuş və onlara mənəvi yoxsulluq üz vermişdir. Bu cəza ona görədir ki, onlar Allahın ayələrini inkar etmiş və bəzi peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bu həm də ona görədir ki, onlar asi olmuş və həddi aşmışlar.
Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar.
Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər.
Onların bu dünya həyatında sərf etdiklərinin məsəli, özlərinə zülm edən adamların tarlasına ziyan vurub onu məhv edən çox soyuq bir küləyin məsəlinə bənzəyir. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər.
Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir. Kökslərində gizlətdikləri düşmənçilik isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik.
Bax, siz o kəslərsiniz ki, onlara məhəbbət bəsləyir, onlar isə sizi sevmirlər. Siz nazil olan kitabların hamısına inanırsınız. Onlar sizinlə rastlaşanda: “Biz iman gətirdik!”– deyirlər, təklikdə qalanda isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirirlər. De: “Qəzəbinizdən ölün!” Şübhəsiz ki, Allah kökslərdə olanları bilir.
Sizə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbir etsəniz və Allahdan qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir.
O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir.
O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər.
Onların mükafatı, Rəbbindən bağışlanma və ağacları altından çaylar axan Cənnət bağlarıdır ki, orada əbədi qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!
Əgər siz Uhud döyüşündə yara almışsınızsa, o düşmən qövm də bu cür yara almışdı. Biz bu günləri (qalibiyyəti və məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin. Allah zalımları sevmir.
Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə siz gerimi dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirməz. Allah şükür edənləri mükafatlandırar.
Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür. Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri mütləq mükafatlandıracağıq.
Neçə-neçə peyğəmbər olmuşdur ki, bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də düşmənə boyun əymişlər. Allah səbir edənləri sevir.
Onların dedikləri ancaq: “Ey Rəbbimiz! Günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla; qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”– olmuşdur.
Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə, kafirlərin qəlblərinə qorxu salacağıq. Onların sığınacaqları yer Oddur. Zalımların məskunlaşacağı yer necə də pisdir!
Siz Allahın izni ilə düşmənləri qırıb-çatdığınız zaman, Allah sizə verdiyi vədini yerinə yetirdi. Nəhayət O, sizə arzuladığınız şeyi göstərdikdən sonra ruhdan düşdünüz, Peyğəmbərin əmri barəsində bir-birinizlə mübahisə etdiniz və asi oldunuz. İçərinizdən kimisi dünyanı, kimisi də axirəti istəyirdi. Sonra Allah sizi sınamaq üçün üzünüzü onlardan döndərdi. O, artıq sizi bağışladı. Allah möminlərə qarşı lütfkardır.
O zaman Peyğəmbər arxanızdan (düşmənə yaxın olan sıralardan) sizi çağırdığı halda siz heç kimə əhəmiyyət vermədən düşməndən qaçırdınız. Allah da sizi qəminizin üstünə qəm qoymaqla cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və başınıza gələn müsibətə görə kədərlənməyəsiniz. Allah nə etdiklərinizdən xəbərdardır.
Sonra O, bu qəm-qüssənin ardınca sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi. O biri qisminiz isə öz canlarının hayına qaldı. Onlar: “Bu işdə bizim üçün bir xeyir varmı?”– deyə Allah barəsində haqsız olaraq, cahiliyyə dövründəkinə bənzər düşüncələrə qapıldılar. De: “Bütün işlər Allaha aiddir!” Onlar sənə bildirmədiklərini öz içərilərində gizlədir: “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik”– deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi qabaqcadan müəyyən edilmiş kimsələr yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Allah sizin kökslərinizdə olanları sınamaq, qəlblərinizdə olanları təmizləmək üçün belə etdi. Allah kökslərdə olanları bilir”.
Uhudda iki qoşun qarşılaşdığı gün içərinizdən üz döndərənləri şeytan, qazandıqları bəzi günahlar üzündən səhv etməyə vadar etdi. Allah artıq onları bağışladı. Həqiqətən, Allah Bağışlayandır, Həlimdir.
Ey iman gətirənlər! Səfərə çıxmış və ya müharibəyə getmiş qardaşları barəsində: “Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər”– deyən kafirlər kimi olmayın! Allah bunu onların qəlblərində qəm-qüssə olsun deyə belə etdi. Dirildən də, öldürən də Allahdır. Allah nə etdiklərinizi görür.
Əgər siz Allah yolunda öldürülər və ya ölərsinizsə, bilin ki, Allahın günahınızdan keçməsi və sizə mərhəmət göstərməsi kafirlərin yığdıqları şeylərdən daha xeyirlidir.
Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, Allahdan onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir.
Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Qoy möminlər Allaha təvəkkül etsinlər!
Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən kimsə Qiyamət günü xəyanət etdiyi şeylə gələr. Sonra da hər kəsə əməllərinin əvəzi tam veriləcək və onlara zülm edilməyəcəkdir.
Məgər Allahın razılığını qazanmaq üçün gedən kimsə, Allahın qəzəbinə gələn və sığınacaq yeri Cəhənnəm olan bir kimsə ilə bərabər tutula bilərmi? Ora nə pis qayıdış yeridir!
Allah möminlərə, öz aralarından onlara Allahın ayələrini oxuyan, onları günahlardan təmizləyən, onlara Kitabı və Hikməti (Sünnəni) öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir. Halbuki əvvəllər onlar açıq-aydın azğınlıqda idilər.
Siz onların başına ikiqat müsibət gətirmiş olduğunuz halda, başınıza bir müsibət gəldiyi zaman: “Bu, haradan gəldi?”– söylədiniz. De ki: “Bu, sizin özünüzdəndir!” Həqiqətən, Allah hər şeyə qadirdir.
və münafiqləri bəlli etsin. Onlara: “Gəlin, Allah yolunda döyüşün, yaxud heç olmasa müdafiədə durun!”– deyildi. Onlar: “Döyüş olacağını bilsəydik sizin ardınızca gedərdik”– dedilər. Onlar o gün imandan çox küfrə yaxın idilər. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər. Halbuki Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir.
Evlərində oturub öz qardaşları barəsində: “Əgər onlar bizə qulaq asmış olsaydılar, öldürülməzdilər”– söyləyənlərə de: “Əgər doğru danışırsınızsa, onda ölümü özünüzdən uzaqlaşdırın!”
Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevinir, arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qarşılaşmayacaqlarına və onların kədərlənməyəcəklərinə fərəhlənirlər.
Onlar yaralandıqdan sonra da Allahın və Peyğəmbərinin dəvətini qəbul etdilər. İçərilərindən yaxşı işlər görənlər və Allahdan qorxanlar üçün böyük bir mükafat vardır.
Bəzi adamlar onlara: “Camaat sizə qarşı ordu toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”– dedilər.
Onlar özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və mərhəməti sayəsində geri döndülər və Allahın razılığına tabe oldular. Allah böyük lütf sahibidir.
Küfrə can atanlar səni kədərləndirməsin. Çünki onlar Allaha heç bir zərər yetirə bilməzlər. Allah istəyir ki, onlara axirətdə heç bir şey nəsib etməsin. Onlar üçün böyük bir əzab vardır.
Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır.
Allah pisi yaxşıdan ayırmayınca möminləri sizin olduğunuz vəziyyətdə tərk edən deyildir. Allah sizə qeybi bildirən deyildir. Lakin, Allah Öz elçilərindən istədiyini seçər. Odur ki, Allaha və Onun elçilərinə iman gətirin! Əgər iman gətirib Allahdan qorxsanız, sizə böyük bir mükafat verilər.
Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onlar üçün pisdir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır.
“Allah kasıbdır, biz isə varlıyıq!”– deyənlərin sözünü Allah eşitdi. Biz onların dediklərini və haqsız olaraq peyğəmbərləri öldürmələrini yazacaq və onlara deyəcəyik: “Dadın yandırıb-yaxan Odun əzabını!
Onlar dedilər: “Allah bizdən əhd almışdı ki, heç bir elçiyə, odun yandıracağı bir qurban gətirməyincə inanmayaq”. De: “Məndən əvvəl də sizə elçilər açıq-aydın dəlillərlə və dediyiniz qurbanla gəlmişdilər. Əgər doğru danışanlarsınızsa, onda nə üçün onları öldürürdünüz?”
Əgər onlar səni yalançı hesab etsələr, bil ki, səndən əvvəl açıq-aydın dəlillər, müqəddəs yazılar və nur saçan Kitabla gəlmiş elçiləri də yalançı hesab etmişdilər.
Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.
Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, bilin ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir.
O zaman Allah Kitab verilənlərlə əhd bağlayıb: “Siz o Kitabı mütləq insanlara aydınlaşdıracaqsınız və onu gizlətməyəcəksiniz!”– deyə buyurdu. Onlar isə bu əhdi qulaqardına vurub onu ucuz qiymətə satdılar. Onların bu alveri necə də pisdir!
Törətdikləri əməllərdən fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlara acılı-ağrılı bir əzab hazırlanmışdır.
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!
Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə iman gətirin!”– deyə imana çağıran bir kimsənin çağırışını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı itaətkarlarla bir yerdə al!
Rəbbi onlara belə cavab verdi: “Mən, sizlərdən yaxşı işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəyəm. Bu, Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allah yanındadır”.
Öz Rəbbindən qorxanları ağacları altından çaylar axan Cənnət bağları gözləyir ki, onlar orada əbədi qalacaqlar. Bu, Allahdan bir ziyafətdir. Allahın yanında olan nemətlər möminlər üçün daha xeyirlidir.
Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir.